• Bakı şəhəri, Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyova küçəsi 41B

Azərbaycan Geodeziya və Geomatika mühəndisləri İctimai Birliyi geodeziya və topografiya sahəsində çalışan bir qrup qabaqcıl geodeziya mühəndisləri, elm adamları və iş adamlarının 09 yanvar 2022 ci ildə toplanmış təşəbbüs qrupunun iclasında qəbul edilmiş qərara uyğun olaraq 30 yanvar 2022 ci ldə təsis edilmişdir. Bu təşəbbüs ölkənin dayanıqlı inkişafinı təmin etmək məqsədilə Dövlətin apardığı daxili siyasətə uyğun olaraq vətəndaş aktivliyini yüksəltmək , qarşımızda duran mühüm məsələlərə diqqət yetirmək, cəmiyyətimizin inkişafına töhfə vermək və ümumi məqsədlərimizə çatmaq üçün güclərimizi birləşdirmək arzusundan doğmuşdur. Biz, ölkəmizdə geodeziya elminin və təcrübəsinin inkişafına, bu sahədə çalışan mütəxəssislərin bir araya gəlməsinə, onların bilik və təcrübələrini bölüşməsinə, eləcə də sahəmizin qarşısında duran mühüm məsələlərin həllinə töhfə verməyi hədəfləyirik. Geodeziya, müasir dünyada infrastrukturun planlaşdırılması, tikintisi, ətraf mühitin idarə olunması, torpaq münasibətlərinin tənzimlənməsi və digər bir çox mühüm strateji sahələrdə əvəzsiz rol oynayır. Bizlər, bu sahənin peşəkarları olaraq, bu məsuliyyəti dərindən dərk edərək və geodeziyanın ölkəmizin davamlı inkişafında daha böyük rol oynaması üçün səylərimizi birləşdirməyin zamanının yetişdiyinə inandıq. Bu təşəbbüs, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş və hər bir vətəndaşın əsas hüquqlarından biri olan birləşmək hüququ nun təzahürüdür.

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI

Maddə 58. Birləşmək hüququ

I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.

II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

Bu birlik məhz bu fundamental hüququmuzdan irəli gəlir və geodeziya sahəsindəki peşəkar maraqlarımızı, bilik və təcrübələrimizi bölüşmək, qarşılıqlı dəstək olmaq və sahəmizin inkişafına aktiv töhfə vermək arzumuzu əks etdirir. Ölkəmizin daxili siyasəti də, vətəndaş cəmiyyətinin inkişafına, peşəkar birliklərin yaranmasına və onların dövlət qurumları ilə konstruktiv dialoquna böyük önəm verir. Biz inanırıq ki, "Azərbaycan Geodeziyavə Geomatika Mühəndisləri İctimai Birliyi" olaraq, dövlətimizin bu siyasətinə uyğun şəkildə fəaliyyət göstərəcək, geodeziya sahəsindəki bilik və təcrübəmizi ölkəmizin inkişafı naminə sərf edəcəyik.

Birliyimizin əsas məqsədləri peşəkar birliyin gücləndirilməsi, elmi-texniki tərəqqiyə dəstək, peşəkar standartların yüksəldilməsi, cəmiyyətlə əlaqələrin qurulması, sahənin problemlərinin həllinə töhfə və beynəlxalq əməkdaşlığın inkişafıdır. Bu məqsədlərə çatmaqla yanaşı, biz həm də Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş digər hüquq və azadlıqların qorunmasına, qanun aliliyinə və demokratik prinsiplərə sadiq qalacağımızı bəyan edirik. Fəaliyyətimizi şəffaflıq, hesabatlılıq və qanunilik prinsipləri əsasında quracağıq. Biz, dövlət qurumları, digər ictimai birliklər və vətəndaşlarla konstruktiv dialoq qurmağa, ölkəmizin geodeziya sahəsindəki potensialını tam şəkildə reallaşdırmağa çalışacağıq. Gələcəkdə geodeziya sahəmizin daha da inkişafına, mütəxəssislərimizin peşəkar səviyyəsinin yüksəlməsinə, ölkəmizin davamlı inkişafına və vətəndaşlarımızın rifahına xidmət edəcəyik. Azərbaycan Respublikasının Konstitusiyasına və dövlətin daxili siyasətinə sadiq qalaraq, birlikdə böyük uğurlara imza atacağımıza inanıram.

Fəaliyyətimizi “Qeyri -hökumət təşkilatları ( ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununa və fəaliyyətimizi nizamlayan digər normativ hüquqi tələblərə uyğun quracaq, Qanunun Aliliyini və Ölkənin mənafeyini hər zaman gözləyəcəyik. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında yaradılmış "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" ilə çox sıx əməkdaşlıq etməyi planlaşdırırıq. Fəaliyyətimizi ölkənin beynəlxq aləmdə tanınması ,beynəlxal qurumlarda təmsil olunmaqla müsbət imicin gücləndirilməsi , və gələcəyin qurucuları olacaq gənc mühəndis nəslinin yetişdirilməsi yönündə quracağıq.Bu birliyin uğuru, hər birimizin fəal iştirakından, birgə səylərimizdən və qarşılıqlı dəstəyimizdən asılı olacaqdır.Hər birinizi güclü, təsirli və qanunlara hörmətlə yanaşan İctimai Birliyimizin fəaliyyətində yaxından əməkdaşlığa dəvət edirik.